Respublikada quşçuluğun inkişaf etdirilməsi üçün real şərait, təcrübə və tarixi ənənələr mövcuddur. Lakin ölkədə mövcud olan quşçuluq təsərrüfatlarının əksəriyyəti tam gücü ilə işləyə bilmir. Burada əsas problemlərdən biri məhsul istehsalının maya dəyərinin baha başa gəlməsidir.
Yerli məhsulun maya dəyərini baha edən əsas amil quşçuluq üçün lazım olan xammalın (avadanlıq, yem, müxtəlif yem əlavələri, damazlıq yumurta və s.) idxal olunmasıdır. Maya dəyərinin baha başa gəlməsi isə yerli məhsulların qiymətlərinin artımına birbaşa təsir göstərir. Qeyd edilən bu problemlərlə yanaşı, xarici quş ətinin respublika bazarlarına ayaq açması yerli təsərrüfatlar tərəfindən istehsal olunan quşçuluq məhsullarının satışını da məhdudlaşdırır. Bu, təkcə rəqabətlə bağlı olan məsələ deyil. Xarici ölkələrdən dondurulmuş şəkildə ölkəyə gətirilən quş ətinin maya dəyəri aşağı olduğundan idxal olunan məhsullar ucuz başa gəlir ki, istehlakçılar da buna üstünlük verirlər. Maya dəyəri baha olduğundan yerli broyler təsərrüfatları rəqabət aparmaq üçün məhsulları ucuz sata bilmirlər. Problemlərin bu istiqamətdə inkişafı məhsul satışının zəifləməsinə, quşçuluq təsərrüfatlarının tam gücü ilə işləməməsinə, iqtisadi effektivliyin aşağı düşməsinə, nəticə etibarı ilə fəaliyyətlərinin tədricən dayanmasına gətirib çıxarır. Sözügedən problemlərin sırasına quşçuluq təsərrüfatlarının quş yeminə olan tələbatlarını dolğun ödəmək imkanlarının olmaması, maliyyə vəsaitlərinin çatışmazlığı, quşçuluq təsərrüfatlarında idarəetmə xidmətinin hələ də zəif qurulması da daxildir. Lakin quşçuluğun inkişafı təkcə yem məhsullarının təminatı ilə məhdudlaşmır. Problem ondadır ki, respublikada müasir damazlıq baza azdır. Damazlıq cücə və yumurta alınmasında çətinliklər var. Mövcud olan problemlərin tərkibində respublikamızın əksər quşçuluq təsərrüfatlarında quş əti və yumurta istehsalı üzrə müasir avadanlıq və texnoloji vasitələrlə təminatın səviyyəsi aşağıdır. Təbii ki, bu qəbildən olan problemlərin həlli üçün maliyyə vəsaitlərinin çatışmazlığı əsas səbəblərdən biri kimi önə çəkilir.
0 Comments